Müştərilərin davranışlarının getdikcə daha çox rəqəmsal müstəviyə keçdiyi bir dövrdə onların satınalma qərarları artıq küçədən deyil, axtarış sistemlərində və ya sosial media platformalarında qarşılaşdıqları məlumatlardan formalaşır. Bu baxımdan, rəqəmsal marketinq bizneslər üçün mühüm alətə çevrilib. O, şirkətlərə auditoriyalarını onların real maraq və davranışları əsasında daha dəqiq müəyyənləşdirməyə imkan verir.
Ənənəvi marketinqlə müqayisədə rəqəmsal marketinq daha çevikdir, nəticələri daha asan ölçülür və bizneslərin daha qısa müddətdə daha geniş auditoriyaya çatmasına şərait yaradır. Bununla belə, bu sahədə peşəkar bilik və bacarıqlara yiyələnmək üçün müxtəlif alətlər və metodologiyalar üzrə təlimlərə ehtiyac duyulur ki, bu da əksər hallarda ciddi maliyyə vəsaiti tələb edir.
Aİ-nin maliyyələşdirdiyi EU4Digital Facility təşəbbüsü çərçivəsində EU4Digital Academy tərəfindən hazırlanmış və Azərbaycan dilində təqdim olunan “Digital Marketing Essentials” kursu yerli mütəxəssislərə və biznes nümayəndələrinə bu bilikləri tamamilə ödənişsiz əldə etmək imkanı yaradır.
Kurs iştirakçılarından biri olan PR, brend və marketinq üzrə mütəxəssis Aydan Ağazadə bildirir ki, proqramda iştirak etməsinin əsas səbəbi həm şəxsi, həm də peşəkar inkişafını dəstəkləmək olub.
“Bu sahədə biliklərimi daha da gücləndirmək istəyirdim. Proqramın beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilməsi, fərqli yanaşmalar təqdim etməsi və praktik məzmunu mənim üçün xüsusilə cəlbedici idi”, – deyə o qeyd edir.
Onun sözlərinə görə, bu kimi təşəbbüslər xüsusilə gənclərin sürətlə dəyişən rəqəmsal mühitə uyğunlaşmasına və yeni bacarıqlar qazanmasına mühüm töhfə verir.
“Biz yalnız sosial media istifadəsini deyil, ümumilikdə rəqəmsal ekosistemin bizneslərə necə təsir etdiyini öyrəndik”, – Aydan Ağazadə əlavə edir.
Kursun ona qazandırdığı ən vacib nəticələrdən biri rəqəmsal marketinqə daha strateji və analitik yanaşmanın formalaşması olub. O, xüsusilə məlumatlara əsaslanan qərarvermə, auditoriya davranışlarının təhlili və müştərilərlə effektiv ünsiyyətin qurulması ilə bağlı mövzuları faydalı hesab edir.
“Kurs mənə göstərdi ki, uğurlu marketinq yalnız kreativ kontent paylaşmaqdan ibarət deyil. Əsas məsələ məlumatları düzgün təhlil etmək, auditoriyanı anlamaq və doğru mesajı doğru insana çatdırmaqdır”, – deyə o vurğulayır.
Proqramın modulları nəticələrin ölçülməsi, istifadəçi davranışlarının təhlili və performans yönümlü marketinq yanaşmaları kimi mövzuları əhatə edir. Bu biliklər iştirakçılara iş prosesində daha əsaslandırılmış və effektiv qərarlar qəbul etməyə kömək edir. Kursda süni intellekt alətlərinin marketinqdə tətbiqinə də yer verilir. Bu isə iştirakçılara süni intellektin məhsuldarlığı artırmaq və daha effektiv marketinq strategiyaları hazırlamaq üçün təqdim etdiyi imkanları daha yaxşı anlamağa şərait yaradır.
“Əldə etdiyim biliklər gündəlik iş fəaliyyətimdə daha sistemli çalışmağıma, auditoriyaları daha dəqiq təhlil etməyimə və rəqəmsal kommunikasiya fəaliyyətlərini daha effektiv idarə etməyimə kömək edib. Bu kursun ən böyük üstünlüklərindən biri nəzəri biliklərlə yanaşı praktik düşüncə formalaşdırması idi. Bu kurs mənə rəqəmsal marketinq sahəsində daha sistemli düşünmək və proseslərə daha strateji yanaşmaq imkanı qazandırdı”, – deyə Aydan Ağazadə bildirir.
Hazırda o, əldə etdiyi biliklərdən daha məqsədyönlü sosial media strategiyalarının hazırlanmasında, auditoriya ilə əlaqələrin gücləndirilməsində və rəqəmsal fəaliyyətlərin daha effektiv idarə olunmasında istifadə edir. Gələcəkdə isə Aydan Ağazadə rəqəmsal marketinq, strateji kommunikasiya, ictimaiyyətlə əlaqələr və innovasiya sahələrində layihələrdə daha fəal iştirak etməyi planlaşdırır.
“Bu sahə çox sürətlə dəyişir və daim yenilənmə tələb edir. Alqoritmlərin dəyişməsi, rəqabətin artması və informasiya çoxluğu marketinq mütəxəssisləri üçün əsas çağırışlardan biridir”, – deyə o qeyd edir.
Rəqəmsal marketinqin əsasları kursu rəqəmsal marketinq təhsili sahəsində dünyanın aparıcı qurumlarından biri olan Digital Marketing Institute (DMI) tərəfindən hazırlanıb. Kurs marketinq sahəsində çalışmayan komandalara rəqəmsal marketinqin əsaslarını anlamağa, rəqəmsal savadlılıqlarını artırmağa və müasir rəqəmsal mühitdə fəaliyyət göstərmək üçün vacib baza bacarıqları əldə etməyə kömək edir.